CƏMİYYƏT
Fevralın 27-dən martın 5-dək Azərbaycanda “İdman həftəsi” keçiriləcək
Bakı, 22 fevral, AZƏRTAC
Gənclər və İdman Nazirliyi 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Azərbaycanda “İdman həftəsi” elan edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 27-dən martın 5-dək davam edəcək “İdman həftəsi”ndə çoxlu sayda yarış, müsabiqə, turnir, görüş və təlimlər keçiriləcək, nümunəvi çıxışlar olacaq.
Gənclər və İdman Nazirliyi gəncləri və idmançıları keçiriləcək tədbirlərdə fəal iştirak etməyə çağırır.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.