ELM VƏ TƏHSİL
Fəxriyyə Xələfova: Rəfiqə Əliyevanın nailiyyətləri ilə bir övlad olaraq qürur duyuruq
Bakı, 20 sentyabr, AZƏRTAC
Rəfiqə Əliyevanın ömrünün böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlıdır. O, bu nüfuzlu ali məktəbdə saysız-hesabsız elmi işlər yazıb, təhsil prosesində fəal iştirak edib. Onun yetişdirdiyi böyük alim ordusu bu gün kimya elminin inkişafına öz töhfələrini verirlər.
Bu fikirləri Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın 85 illik yubileyi ilə bağlı keçirilən tədbirdə alimin qızı Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova jurnalistlərlə söhbətində səsləndirib.
Görkəmli alim Rəfiqə Əliyevanın elmi fəaliyyətinin universitetin tarixində xüsusi yer tutduğunu deyən F.Xələfova onun təhsildə və elmdə göstərdiyi nailiyyətlərə görə “Şöhrət” ordeni ilə təltif olunduğunu, akademikliyədək yüksəldiyini diqqətə çatdırıb. “Rəfiqə xanımın nailiyyətləri ilə bir övlad olaraq hər zaman fəxr edir, bundan qürur duyuruq. Onun elmi və pedaqoji fəaliyyəti böyük bir irsdir. İnanıram ki, anamızın yetirmələri bu yolu davam etdirəcək, Azərbaycan elminə və təhsilinə yeni-yeni töhfələr verəcəklər”, - deyə F.Xələfova vurğulayıb.