CƏMİYYƏT
FHN Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında bayram tədbiri keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyi və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə iştirakçıları təbrik edib. O, Milli Ordumuzun yaradılmasını Azərbaycan tarixinin şanlı səhifələrindən biri kimi qiymətləndirib.
Akademiyanın rəisi bildirib ki, 1918-ci il iyunun 26-da müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Silahlı Qüvvələrinin yaradılması imperiya əsarətində inləyən xalqımızın milli azadlıq mübarizəsinin nəticəsi olaraq milli dövlətçilik ənənələrimizin bərpası idi. Lakin 1920-ci il aprelin 28-də milli dövlətimizin süqutundan sonra ordu quruculuğu prosesi dayandı. Yalnız 1969-cu ildə müdrik və uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycan SSR-in rəhbərliyinə qayıtdıqdan sonra bu sahədə ciddi addımlar atılıb, milli hərbi kadrların hazırlanmasına başlanılıb. Məhz Dahi Rəhbərin cəsarətli addımları sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey açılıb.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edilib, vahid komandanlıq yaradılıb, hərc-mərcliyə son qoyulub. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlar həyata keçirilib, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılıb. Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd olunur. Ümummilli Liderin müdrik siyasi kursunun alternativsiz davamçısı, dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti sayəsində bu gün Silahlı Qüvvələrimiz regionun ən qüdrətli dövlətinə çevrilib.
Sonra Akademiyanın kadrların yenidən hazırlığı və ixtisasartırma fakültəsinin rəisi, ehtiyatda olan general-mayor Cahangir Qulamov çıxış edərək Azərbaycan Ordusunun yaradılması və formalaşdırılması kimi çətin, şərəfli və tarixi missiyanın öhdəsindən layiqincə gələn ulu öndər Heydər Əliyevin Silahlı Qüvvələrimizin güclənməsi istiqamətində misilsiz xidmətlərindən söz açıb.
Tədbirin sonunda iştirakçılar Azərbaycan Silahlı Qüvvələrindən bəhs edən filmə baxıblar.