CƏMİYYƏT
FHN-in Akademiyasında neft dağılmalarının xəbərdarlığı və ləğvinə dair seminar-müşavirə keçirilib
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsinin və Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin təşkilatçılığı ilə “Neft dağılmalarının xəbərdarlığı və ləğvi üzrə əməkdaşlığın təşkili” mövzusunda seminar-müşavirə keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Akademiyanın rəisi, general-mayor Baba Salayev çıxış edərək müzakirə olunan mövzunun əhəmiyyətindən danışaraq seminar-müşavirənin işinə uğurlar arzulayıb. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini, bu sahədə mühüm uğurlara nail olunduğunu vurğulayıb.
FHN-in idarə rəisi Azadi Quliyev və Xidmət rəisi Fuad Bağırov “Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında” 1990-cı il tarixli Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il iyunun 18-də imzaladığı Qanunun əhəmiyyətindən bəhs ediblər. Qeyd edilib ki, neftlə çirklənmə hallarına qarşı mübarizə yalnız birgə əməkdaşlıq sayəsində mümkün ola bilər. Bu baxımdan dənizdə qəza-xilasetmə və dağılmış neftin ləğvi üzrə ötən illər ərzində görülmüş işlər və bu sahədə nazirliyin aidiyyəti qurumlarla əməkdaşlığının mühüm əhəmiyyət daşıdığı bildirilib.
Tədbirdə aidiyyəti qurumların təmsilçilərinin “Dənizə dağılmış neftin ləğvi əməliyyatları”, “SOCAR-da neft dağılmalarına qarşı hazırlıq cavab tədbirləri və perspektivlər”, “Neft dağılmalarına hazırlıq və ləğvi”, “Neft dağılmaları üzrə monitorinqin keçirilməsi və qiymətləndirilməsi”, “Xəzər dənizində neftlə çirklənmənin qarşısının alınmasına dair görülən tədbirlər”, “Dənizin çirklənməsinə dair qabaqlayıcı tədbirlər” mövzularında məruzələri dinlənilib, mövzu ətrafında geniş müzakirələr aparılıb.