CƏMİYYƏT
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Baku Crystal Hall” kompleksində yanğın-taktiki təlim keçirib
Bakı, 22 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti paytaxtın Səbail rayonu ərazisindəki “Baku Crystal Hall” kompleksində yanğın-taktiki təlim keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində məqsəd baş verə biləcək yanğın zamanı obyektin müvafiq heyətinin zəruri davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması, yanğınsöndürmə qüvvələrinin operativ qaydada əməliyyat şəraitinin qiymətləndirilməsi və yanğının dərəcəsi barədə müvafiq qərarın qəbul olunması, yanğınla effektli mübarizə məqsədilə həlledici döyüş istiqamətinin müəyyənləşdirilməsi, yüksək saylı çağırışla cəlb olunan texnikaların qarşılanması və yönləndirilməsi, rabitə və arxa sahənin təşkil olunması, yanğınla mübarizə tədbirləri zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsi və döyüş hərəkətlərinin aparılması qaydaları üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.
Şərti yüksək saylı çağırışla təlimə cəlb olunan Səbail, Yasamal, Nəsimi və 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin qüvvə və vasitələri şərti olaraq köməksiz vəziyyətdə qalmış insanları xüsusi vasitələrdən istifadə edilməklə xilas ediblər. Baş vermiş yanğın qısa müddətdə tam söndürülüb.
Uğurla keçirilmiş təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Təlimdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə qərargahının rəisi daxili xidmət polkovniki Xudat Nəbiyevin iştirakı ilə əməkdaşların yanğının söndürülməsi zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.