CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 32 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 32 halda yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas edilib, 21 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bundan başqa, Nizami rayonunda mənzildə bağlı qapı arxasında aşkarlanan 1 nəfərin cəsədi və Samux rayonunda avtoqəza nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.