CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 98 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 20 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 98 halda yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində səkkiz nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib. Həmçinin Abşeron rayonunun Fatmayı kəndində, dənizdə nəzarətsiz ərazidə batan bir nəfərin cəsədi sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində, dənizdə nəzarətsiz ərazidə batması ehtimal olunan bir nəfərin axtarışına dalğıc-axtarış qrupu cəlb olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.