FHN Şamaxıda təlim keçirib VİDEO




Bakı, 7 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş əməliyyat və İctimaiyyətlə əlaqə idarələrinin təşkilatçılığı ilə Şamaxı rayonunda yerləşən “Shamakhi Palace Sharadil”də “Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd otelin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən otel kollektivinə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər, otellərdə baş verə bilən yanğınlar zamanı davranış qaydaları və təxliyə barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Sonra təlimin praktiki hissəsinə start verilib. Belə ki, şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş mehmanxanada təxliyə planına uyğun olaraq, yanğınsöndürənlər tərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğın” qısa müddətdə söndürülüb.
Təlim uğurla yekunlaşıb və qarşıya qoyulan məqsədlərə nail olunub.