İDMAN
FİFA-nın baş həkimi 2022-ci il dünya çempionatının yayda keçirilməsi əleyhinədir
Bakı, 16 mart (AZƏRTAC). FİFA-nın Tibb Komitəsinin rəhbəri Mixel d'Xoqe bildirmişdir ki, o, 2022-ci ildə Qətərdə dünya çempionatının yayda keçirilməsinin əleyhinədir.
Belçikalı mütəxəssisin sözlərinə görə, oyunların və məşqlərin keçiriləcəyi stadionlarda lazım olan temperaturu (21 dərəcə) təmin edəcək kondisionerlər quraşdırılacağına baxmayaraq, dünya birinciliyinin keçirildiyi bir ay ərzində minlərlə azarkeş və rəsmi şəxs Qətər iqliminin yaratdığı problemlərlə üzləşə bilər. Mixel d'Xoqenin bu rəyi 2022-ci il dünya çempionatının yayda deyil, Qətərdə havaların bir qədər sərin keçdiyi qışda keçirilməsi lehinə daha bir səsdir.
Xatırladaq ki, FİFA-nın prezidenti Zepp Blatter turnirin vaxtının dəyişdirilməsi ideyasını tənqid edərək “bu problemin həlli olmadığını” bildirmişdir.