İDMAN
FIFA U-17 qadınlararası dünya çempionatının ən əyləncəli hissəsi olan Fan Zona Dənizkənarı Parkda quraşdırılmağa başlamışdır
Bakı, 11 sentyabr (AZƏRTAC). Bu il sentyabrın 22-dən oktyabrın 13-dək ölkəmizdə keçiriləcək futbol üzrə FIFA U-17 qadınlararası dünya çempionatının ən əyləncəli hissəsi olan Fan Zona Dənizkənarı Parkda quraşdırılmağa başlamışdır.
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, Fan Zonada çempionatın milli dəstəkçiləri SOCAR, Bakcell, Xalq Bank və Paşa Sığorta, eləcə də VISA, Hyundai, Coca-Cola kimi FIFA partnyorlarının da stendləri daxil olmaqla, 12 stend və müxtəlif attraksionlar quraşdırılacaqdır.
Fan Zonanın əsas məqsədi yalnız stadionlarda deyil, həmçinin şəhər mərkəzində də futbol atmosferi yaratmaq, çempionat ab-havasını şəhər əhalisinə hiss etdirməkdir. Üç min kvadratmetr sahədə quraşdırılacaq Fan Zona Dövlət Kukla Teatrının arxa hissəsindən başlayan böyük bir sahəni əhatə edəcəkdir. Girişi pulsuz olacaq Fan Zonada azarkeşlər attraksionlardan istifadə edə və çoxlu pulsuz hədiyyələr qazana, həmçinin hər axşam təşkil olunacaq lotereyaya qoşula və əylənə bilərlər. Çempionat həyəcanını yaşamaq istəyən hər kəsin stendlərdən həmin günün konsert proqramı ilə bağlı məlumat almaq imkanı da olacaqdır. Sentyabrın 15-də açılacaq və çempionatın final gününədək davam edəcək böyük əyləncə bazarında müxtəlif suvenirlərin, çempionatı simvolizə edən kiçik əşyaların satışı da təşkil olunacaqdır.
Qalibiyyət üçün 32 oyun, 90 dəqiqə mübarizə aparacaq 16 komandanı dəstəkləmək, sevdiyiniz ölkəyə azarkeşlik etmək simanıza həkk etmək üçün “face painting” (üz rənglənməsi) nöqtəsi də idmansevərlərə təqdim ediləcəkdir.