İDMAN
FIFA U-17 qadınlararası dünya çempionatının yekunlaşması ilə əlaqədar olaraq Fan Zona əyləncəsi başa çatır
Bakı, 11 oktyabr (AZƏRTAC). Sentyabrın 15-dən başlayaraq Dənizkənarı Milli Parkda istirahət edən şəhər əhalisinə böyük əyləncə yaşadan Fan Zona “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan - 2012”nin başa çatması ilə əlaqədar olaraq artıq bağlanır.
AZƏRTAC xəbər verir ki, bir aya yaxındır ki, uşaqlı-böyüklü yüzlərlə insana qucaq açan əyləncə məkanı öz qonaqlarını müxtəlif attraksionlar və hədiyyələrlə sevindirir.
Fan Zonanın bağlanışı ilə əlaqədar olaraq oktyabrın 12-də Dənizkənarı Milli Parkda böyük və möhtəşəm konsert proqramı təşkil olunacaqdır. Gənc müğənni Pərvanə Röyalı, estrada ulduzu Manana və sevilən “Meridian” qrupunun iştirakı ilə keçiriləcək konserti teleaparıcı Tural Əsədov təqdim edəcəkdir.
Qeyd edək ki, həmişə qonaqlarını sevindirən Fan Zonada keçiriləcək konsert proqramı zamanı tamaşaçıları müxtəlif futbol yarışmaları, lotereyalar və başqa sürprizlər gözləyir.