DÜNYA
Filippin bir çox ölkənin COVID-19-a qarşı peyvənd sertifikatlarını qəbul edəcək
Tokio, 19 fevral, AZƏRTAC
Filippinin Yoluxucu Xəstəliklərə Qarşı Mübarizə üzrə Müəssisələrarası İşçi Qrupu (IATF) fevralın 10-da sərhədlərin əcnəbi turistlər üçün açılması ilə əlaqədar bir çox ölkənin COVID-19-a qarşı peyvənd sertifikatlarını qəbul edəcək.
AZƏRTAC “philstar.com” saytına istinadla xəbər verir ki, bu barədə ITAF-nin mətbuat katibinin səlahiyyətlərini icra edən Karlo Noqrales məlumat verib. K.Noqrales bildirib ki, bu ölkələr sırasına Argentina, Azərbaycan, Bruney-Darussalam, Kamboca, Danimarka, Çili, Ekvador, İndoneziya, Myanma, Papua-Yeni Qvineya, Peru, Portuqaliya, İspaniya və Suriya daxildir. Əlavə edib ki, bu siyahı ITAF tərəfindən əvvəllər sertifikatları qəbul edilmiş ölkələrin və ərazilərin siyahısına əlavədir.
K.Noqrales qeyd edib ki, Filippinin Karantin Bürosu (BOQ), Nəqliyyat Nazirliyinin “vahid pəncərə” xidməti və İmmiqrasiya Bürosu (BI) IATF tərəfindən təsdiq edilmiş bütün sertifikatları qəbul edəcək.
Bu ərəfədə IATF-nin mətbuat katibi Filippinə işgüzar səfərə və ya turist kimi gələn bütün əcnəbilərin COVID-19-a qarşı tam peyvənd olunması və test vermələri barədə lazımi sənədlərə malik olduqda vizaya ehtiyac olmadığını da bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio