DÜNYA
Filippin hərbçiləri “Əbu Səyyaf” terrorçularından 11-ni məhv ediblər
Tokio, 27 avqust, AZƏRTAC.
Filippinin Qərbi Mindanao regionunun hərbi komandanlığının rəsmi nümayəndəsi Filemon Tanun bildirdiyinə görə, Sulu əyalətinin cənubunda aparılan hərbi əməliyyat nəticəsində “Əbu Səyyaf” terrorçu qruplaşmasının 11 üzvü, o cümlədən qruplaşmanın başçılarından biri Mohammad Said məhv edilib.
Onun sözlərini sitat gətirən GMA News internet portalı yazır: “Hərbçilər tərəfindən öldürülən Mohammad Said Samal şəhərində girovların götürülməsi əməliyyatında iştirak edib. Həmin girovlardan Kanada vətəndaşı olan iki nəfərin sonradan başları kəsilib”.
F.Tan əlavə edib ki, bir çox girovların qətlində təqsirli bilinən M.Saidin həbsi üçün beş order verilmişdi.
Rəsmi nümayəndənin bildirdiyinə görə, Suluda aparılan hərbi əməliyyat zamanı 17 hərbi qulluqçu yaralanıb.
Cari həftənin əvvəllərində 18 yaşlı Filippin vətəndaşı Patrik Almadovar “Əbu Səyyaf” qruplaşması tərəfindən qətlə yetirildikdən sonra Filippin Prezidenti “həmin dövlət düşmənləri”nə qarşı böyük əməliyyatın keçirilməsi barədə orduya və polisə xüsusi göstəriş verib. Hərbi əməliyyata Suluda yerləşən 5 min və qonşu Basilanın 2,5 min hərbçisi cəlb edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio