DÜNYA
Filippində avtobus qəzası 14 kollec tələbəsinin ölümü ilə nəticələnib
Bakı, 20 fevral, AZƏRTAC
Filippinin Risal əyalətində turist avtobusunun qəzaya uğraması nəticəsində azı 14 kollec tələbəsi həlak olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, fevralın 20-də səhər saatlarında Risal əyalətində yerləşən Tanay yaşayış məntəqəsinə turist səfərinə gedən 50 tələbəni aparan avtobus elektrik dirəyinə çırpılıb. Ehtimallara görə, qəzaya əyləc sisteminin sıradan çıxması səbəb olub.
Yerli hakimiyyət orqanlarının nümayəndəsi Karlos İnofre sürücünün yüksək sürətlə hərəkət edən avtobusun idarəetməsinə nəzarəti itirdikdən sonra onu dayandırmaq üçün bilərəkdən dirəyə yönləndirdiyini deyir.
Həlak olanların hamısı bir kollecin tələbələridir. Hadisə nəticəsində xəsarət alan digər sərnişinlər yerli xəstəxanalara yerləşdirilib. Hazırda polis insidentin başvermə səbəblərini araşdırır.