FİLİPPİNDƏ ÖLÜM CƏZASI LƏĞV EDİLDİ
Beləliklə, Filippin ölüm cəzasını qanunvericiliklə ləğv edən 50-dən çox dövlət sırasına daxil olmuşdur. Bundan əvvəl cinayətkarlıqdan bu cür sosial müdafiə tədbirinin tərəfdarları ilə “qana qan” prinsipinin əleyhdarları arasında uzun müddət mübarizə getmişdir.
Cinayətkarlığın tüğyan etdiyi 1999-cu ildə o vaxtkı Prezident Cozef Estrada ölüm cəzasına qadağanı götürmüşdü. Sonrakı ildə ölkədə yeddi ölüm cəzası icra olunmuşdur. Lakin 2003-cü ildə Qloriya Makapaqal-Arroyo katolik kilsəsinin (Malayziya əhalisinin böyük əksəriyyəti katoliklərdir) təzyiqi qarşısında ölüm cəzasının tətbiqi dairəsini məhdudlaşdırmışdır. Bundan sonra ölüm cəzası ancaq adam oğruları və qatı qatillər üçün qüvvədə qalmışdır.
2000-ci ildən başlayaraq Filippində heç bir ölüm cəzası icra edilməmişdir, halbuki 1280 cinayətkar barəsində belə hökm çıxarılmışdı.
BMT-nin məlumatına görə, dünyada insana qarşı cinayətlərə görə edamların 80 faizindən çoxu Çin, İran, ABŞ və Vyetnamın payına düşür. Adambaşına edamların sayına görə 4 milyon nəfər əhalisi olan Sinqapur “liderdir”. Burada ildə orta hesabla 70-dək müttəhim, əsasən, narkotikləri yaydıqlarına görə, edam kürsüsünə göndərilir.