DÜNYA
Filippinli müğənni və aktrisa Həccə gedib gələndən sonra İslamı qəbul etmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). Filippində məşhur şou-biznes nümayəndələrindən biri Kuini Padilya İslam dinini qəbul edərək Allah mütəalın qadına buyurduğu bütün vacibatlara əməl etməyə başlamışdır.
O bildirmişdir ki, İslam bu dünyada xoşbəxt yaşam tərzidir. Müsəlman olandan sonra anlayırsan ki, həyatın mənası nədədir. Mən bəlkə də Allahın ən günahkar bəndələrindən biriyəm. Amma buna rəğmən Allah məni öz evinə dəvət etdi və mənə həqiqəti anlatdı. Mən İslam dinini seçəndən sonra tamamilə ayrı insan olmuşam. Şou-biznesdə olanda hamı məni xoşbəxt sayırdı. Mən zahirdə belə görünürdüm. Amma xoşbəxt deyildim. Kədər-qüssə daim məni içəridən boğurdu. Çünki kimlərəsə məxsus idim. Azad deyildim.
Daha sonra o demişdir: “Mən indi var gücümlə çalışacağam ki, elmimi artırım, kollecə daxil olum və İslami elmləri də öyrənim. Filippində elm kasadlığı var. Mən elmli olandan sonra öz ətrafımdakı insanları da İslama cəlb etməyə çalışacağam. Qadın İslamda azad olur. Mən kino aktyoru, atam Robin Padilyaya çox minnətdaram. O olmasaydı, mən iffət yolunu seçib müsəlman bir xanım olmazdım. Onun vasitəsilə Həccə getdim. Orada da Allah öz məhəbbətini mənə əta etdi. Buna görə atama minnətdaram və onu çox sevirəm."