ELM VƏ TƏHSİL
Filosof alimin “Azərbaycanda maarifçilik fenomeni” kitabı təkrar nəşr olunub
Bakı, 17 iyun, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zöhrə Əliyevanın “Azərbaycanda maarifçilik fenomeni” (Le phénomène des Lumières en Azerbaïdjan) kitabı Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə ikinci dəfə nəşr olunub.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, “Edition Universitaire Europeenne (EUE)” nəşriyyatında işıq üzü görən kitabda XIX əsrin sonu - XX əsrin əvvəllərindəki Azərbaycan ədəbi-nəzəri düşüncəsinin əhəmiyyəti və aktuallığı, Qərb və Şərq sintezi olan maarifçilik ənənələri, müasir demokratikləşmə dövründə Azərbaycanın mədəni, mənəvi və ədəbi irsi, tarixi keçmişi araşdırılır.
Azərbaycanın mədəni və ədəbi həyatında mühüm bir mərhələ təşkil edən maarifçilik fenomeninin çoxəsrlik milli adət-ənənələri ilə yanaşı, dünya mədəniyyəti ənənələrini də uğurla mənimsəməsi, Azərbaycan mədəni-maarif düşüncəsinin formalaşmasına əvəzsiz töhfəsi nəşrdə yer alıb. Həmçinin kitabda Mirzə Fətəli Axundzadə (Azərbaycan “Molyeri”), Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məmməd Səid Ordubadi kimi Azərbaycan maarifçiliyinin banilərinin ideyalarının formalaşmasına Avropa düşüncəsinin təsiri tədqiq olunub.