İQTİSADİYYAT
“FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatının ümumu kredit portfeli 22,21 faiz artmışdır
Bakı, 4 sentyabr (AZƏRTAC). 2013-cü ilin ötən dövründə “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatının ümumi kredit portfeli 22,21 faiz artaraq 184 milyon 934 min 33 dollara çatmışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatının direktoru Maniş Sane avqustun 4-də Bakıda keçirdiyi mətbuat konfransında məlumat vermişdir. Həmçinin bildirilmişdir ki, bu ilin ötən dövründə müştərilərinin sayı 7 faiz artaraq 146 mini ötmüşdür. 2013-cü il iyulun 1-dən etibarən təşkilat Azərbaycanın kapital bazarlarında istiqrazlarının ilk emissiyasını həyata keçirmişdir. Kreditlər üzrə ödənişlərin daha rahat həyata keçirilməsini təmin etmək məqsədi ilə “FINCA Azerbaijan” “MilliÖN” (Milli Ödəmə Nöqtəsi) ödəniş sisteminə qoşulmuşdur.
Təşkilatın həyata keçirdiyi layihələrdən danışan Maniş Sane qeyd etmişdir ki, ötən il “FINCA Azerbaijan” tərəfindən ölkəmizin bir çox bölgələrində kimsəsiz uşaq və yeniyetmələr üçün müxtəlif xeyriyyə tədbirləri təşkil olunmuşdur.