REGİONLAR
Firdovsi Ağaşirinov: Aqrar Sığorta Fondu risklərin təminatını gələcəkdə də operativ həyata keçirəcək VİDEO
Bakı, 19 avqust, Xəyalə Cəfərova, AZƏRTAC
Bu gün Aqrar Sığorta Fondunun (ASF) fəaliyyətə başlamasından üç il ötür. Aqrar Sığorta Fondunun Nizamnaməsi Prezidentin 2019-cu il 19 avqust tarixli “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərmanının 2.1.6-cı yarımbəndinə əsasən, Nazirlər Kabinetinin 2019-cu il 11 dekabr tarixli Qərarı ilə təsdiq edilib. Bu günədək ASF-u qarşısına qoyduğu aqrar sığorta sisteminin təşkili, inkişafı və dayanıqlılığı məqsədini uğurlu davam etdirir. Fondun əsas missiyası davamlı biznes inkişafını təşviq edərək kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yüksəkkeyfiyyətli sığorta xidmətləri göstərmək və bu sahədə öz öhdəliklərini yerinə yetirməkdir.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Firdovsi Ağaşirinov həyata keçirilən islahatlar və gələcək planlar haqqında AZƏRTAC-a müsahibə verib.
Onun sözlərinə görə, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa, əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub. Aqrar sığorta müqaviləsi sığortalı və İdarəedici Qurum tərəfindən bağlanır: “Aqrar sığorta sahəsində formalaşdırma işləri başa çatdıqdan sonra 2020-ci ilin 3 noyabr tarixində ilk dəfə aqrar sığorta müqaviləsi bağlandı. Həmin tarixdən fermerlər intensiv olaraq xidmətlərimizdən yararlanmağa başladılar. Statistik rəqəmlər də bunu sübut edir. Belə ki, 2021-ci ildə toplanmış sığorta haqları və sığortalanan predmetlər əvvəlki illə müqayisədə daha çox olub. Ümumilikdə 50 mindən çox sığorta müqavilələri bağlanılıb və 20 mindən çox kənd təsərrüfatı heyvanı sığortalanıb. Bu isə fermerlərin dövlət başçısının bu sahəyə olan qayğısına və dəstəyinə böyük inamın bariz nümunəsidir”.
Bütün aqrar sığorta müqavilələrinin elektron qaydada həyata keçirildiyini vurğulayan Firdovsi Ağaşirinov qeyd edib ki, bu sahədə müstəqil ekspertlər də fəaliyyət göstərir. “İlk aylarda Fond 14 bitkinin sığortalanmasını həyata keçirirdirsə, indi bu göstərici 41-ə çatıb. Bu, kənd təsərrüfatı istehsalının 95 faizini əhatə edən göstəricidir. Hazırda fermerlər 48 növ məhsulu sığortalaya bilərlər. Sığorta haqlarının ödənilməsinin 50 faizini dövlət həyata keçirir. Məsələn, 100 AZN-lik sığorta haqqının 50 manatını dövlət, digər yarısını isə fermer ödəyir. Beləcə, kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsi istehsalın davamlılığını təmin edən əsas və vacib amil kimi sübut olunur”.
2022-ci ilin ötən dövründə də bu sahədə xeyli irəliləyişlər var. Ölkədə bütün növ kənd təsərrüfatı heyvanları üzrə sığortalamalar həyata keçirilir. Ekspertlərin qiymətləndirmə işlərindən sonra qısa zamanda bu sahədə sığorta ödənişləri həyata keçiriləcək.
Sədr müavini Aqrar Sığorta Fondunun hər bir fermerin yanında olduğunu, risklərin təminatının gələcəkdə də operativ həyata keçiriləcəyini diqqətə çatdırıb.