ELM VƏ TƏHSİL
Fizika İnstitutunda italiyalı alimin məruzəsi dinlənilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda “Fotonika üçün optik mikrorezonatorlar, optik dalğaötürücülər və nadir torpaq elementləri ilə aşqarlanmış şüşələr üzrə tədqiqatlar” mövzusunda seminar keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktor müavini, akademik Cavad Abdinov seminarın əhəmiyyətindən danışıb. O qeyd edib ki, məqsəd İtaliyanın elmi mərkəzləri ilə birgə tədqiqatlar və elmi mübadilələr aparmaqdır.
İnstitutun yarımkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərin fizikası laboratoriyasının müdiri, Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının prorektoru, professor Oqtay Tağıyev isə deyib ki, AMEA ilə İtaliyanın Milli Tədqiqatlar Şurasının Tətbiqi Fizika İnstitutu arasında mövcud olan müqaviləyə əsasən, “Ağ işığın alınması və enerji çevrilməsi üçün nadir torpaq elementləri ilə aşqarlanmış sulfid materiallar” adlı qrant layihəsi qalib olub.
İtaliyanın Milli Tədqiqatlar Şurasının Tətbiqi Fizika İnstitutunun əməkdaşı Stefano Pellinin mövzu ilə bağlı məruzəsi dinlənilib. Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, italiyalı alim Azərbaycana səfəri çərçivəsində, həmçinin M.V.Lomonosov adına MDU-nun Bakı filialına dəvət olunub. Professor S.Pelli universitetin yeni açılmış fizika fakültəsində aparılan tədris prosesi, fakültənin laboratoriyaları ilə tanış olub. S.Pellinin fikrincə, MDU-nun Bakı filialının laboratoriyaları müasir avadanlıqlarla təchiz olunub və tələbələrin təcrübə işlərini həyata keçirmələri üçün burada hər cür şərait yaradılıb.