ELM VƏ TƏHSİL
Fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri keçirilib
Bakı, 22 fevral, AZƏRTAC
Ağcabədi, Ağdaş, Göyçay, Tərtər, Yevlax, Zərdab və Bərdə rayonları üzrə ümumi təhsil müəssisələrində TOPs təlimləri keçirilib. Təlimlər Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə “TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimlərə qeyd olunan rayonlarda fəaliyyət göstərən 410 ümumi təhsil müəssisəsindən 600 nəfərdən çox fiziki tərbiyə müəllimi cəlb edilib.
Ayrı-ayrı qruplarda TOPs metodologiyası üzrə təşkil olunan 3 günlük praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib. Dərslərin effektli tədris edilməsi üçün TOPs oyun-metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah olunub.
Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsi aparılıb.
Qeyd edək ki, TOPs layihəsi məktəblilərin hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.