MƏDƏNİYYƏT
Fiziki və əqli cəhətdən qüsurlu olan uşaqların əl işlərindən ibarət xeyriyyə sərgisi təşkil edilmişdir
Bakı, 4 iyun (AZƏRTAC). “Baku Creative Center”in təşkilatçılığı və “Garant Holding”in direktorlar şurasının sədri Anar Məmmədovun təşəbbüsü ilə “Göy qurşağı” xeyriyyə sərgisi keçirilmişdir.
“Baku Creative Center”dən AZƏRTAC-a bildirmişlər ki, “Onların dünyasını öz ürəyinlə rənglə” şüarı ilə təşkil edilmiş sərgi Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuşdur.
Sərginin açılışında “Garant Holdingin” nümayəndəsi və “Baku Creative Center”in direktoru Emin Yasinov çıxış edərək qonaqları simvolik məbləğlərlə satışa qoyulan əl işlərini əldə etməyə və bununla da gənc istedadlara böyük stimul verməyə səsləmişlər.
Fiziki və əqli cəhətdən qüsurlu olan uşaqların əl işlərindən ibarət ekspozisiyada yağlı və sulu boya texnikalarında icra olunmuş rəsmlər sərgilənmişdir. Ümumilikdə, ekspozisiyada 20-dən çox gənc istedadın 40-a yaxın işi nümayiş etdirilmişdir.
Sərgidə satış da təşkil olunmuş və 16 əl işi ziyarətçilər tərəfindən alınmışdır.
Sərginin adına uyğun olaraq divar üzərində interaktiv göy qurşağı quraşdırılmışdır. Sərgi ziyarətçiləri kağızdan ürəklər üzərinə öz adlarını yazaraq göy qurşağı üzərində görünən ağ boşluqlara həkk etmişlər.
“Göy qurşağı” sərgisinin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan yaradıcı uşaqları dəstəkləmək, onların istedadlarını geniş auditoriyaya təqdim etmək olmuşdur.