ELM VƏ TƏHSİL
Fiziologiya İnstitutunun laboratoriyalarının illik hesabatları müzakirə edilib
Bakı, 18 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda fəaliyyət göstərən laboratoriyaların 2022-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Müəssisənin baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın sədrliyi ilə keçən iclasda kliniki neyrofiziologiya və bioloji fəal maddələrin farmakologiyası laboratoriyalarının 2022-ci il üçün elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib.
Laboratoriya rəhbərləri və icraçılar cari ildə apardıqları elmi-tədqiqat işləri və alınan nəticələr, nəşriyyat fəaliyyəti, elmi forumlarda iştirak və çıxışlar, kadr hazırlığı, elmi əlaqələr və əməkdaşlıq haqqında ətraflı məlumat veriblər.
Sonda hesabatlar ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib və laboratoriyaların 2022-ci il üçün illik hesabatları qəbul edilib.