DÜNYA
“Flydubai” aviaşirkətinin sərnişinlərinin sayı 5 milyona çatıb
Qahirə, 1 sentyabr, AZƏRTAC
“Flydubai” aviaşirkətinin sərnişinlərinin sayı bu ilin birinci yarısında 4,9 milyona çatıb. Bu, davamlı artımı və ötən ilin müvafiq dövrü ilə müqayisədə göstəricinin 16,5 faiz artmasını nümayiş etdirir. Yerli KİV-lərin yaydığı məlumata görə, bu rəqəmlər 2016-cı ilin birinci yarısında aviaşirkətin fəaliyyətinin nəticələri barədə nəşr edilmiş hesabatda yer alıb. Məlumat verilir ki, hesabat dövründə şirkətin dövriyyəsi 2,302 milyard BƏƏ dirhəmi məbləğində olub ki, bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artım deməkdir.
Maliyyə ilinin birinci yarısında aviaşirkət öz cari istiqamətləri, o cümlədən Bakı, Bəhreyn, Belqrad, Buxarest, Maskat və Salalaya reyslərinin artmasını qeyd edib ki, bu, səyahətə tələbatın yüksəlməsi və sərnişinlərin birbaşa uçuş yollarını üstün tutması ilə əlaqədardır.
Biznes salonu sərnişinlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz artıb.
Şirkətin icraçı direktoru Qeyt Al-Qeyt birinci yarımilin yekunların şərh edərək bildirib ki, “Flydubai” marşrut şəbəkəsi inkişaf etməkdə davam edir və region üzrə artan səyahət tələbatına cavab olaraq sərnişinlərə təkmilləşmiş nəqliyyat imkanı yaradır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə