ELM VƏ TƏHSİL
Folklorşünas alimin 10 cilddən ibarət əsərlərinin ikinci və üçüncü cildləri çapdan çıxıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyevin 10 cilddən ibarət əsərlərinin ikinci və üçüncü cildləri işıq üzü görüb.
"Romantizmin nəzəriyyəsi" adlı ikinci cildin elmi redaktoru və "Ön söz"ün müəllifi AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, tərtibçisi filologiya üzrə elmlər doktoru, dosent Fidan Qasımovadır.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, ikinci cild bütövlükdə “Azərbaycan romantizminin poetikası” monoqrafiyasını əhatə edir. Cilddə romantik qəhrəman konsepsiyası, qəhrəmanın fövqəltəbiəti və tənhalığı, zaman və məkan daxilindəki hərəkəti, təbiət və mifoloji obrazların simvolik xarakteri, Qərb və Şərq, yaxın və uzaq, həyat və ölüm kimi poetik qarşıdurmalar Azərbaycan romantizminin poetikasını müəyyənləşdirən əsas problemlər kimi təhlil edilib.
“Hüseyn Cavid” adlanan üçüncü cildin elmi redaktoru və "Ön söz"ün müəllifi professor Şirindil Alışanlı, tərtibçisi filologiya üzrə elmlər doktoru Aytac Abbasovadır. Cilddə böyük şair və dramaturq Hüseyn Cavidin həyatı və şəxsiyyəti, ədəbiyyata baxışı, poeziyası və dramaturgiyası, folklorla əlaqəsi və sənətkarlıq məziyyətləri araşdırılıb.