“Formula-1” Avropa Qran-prisi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyində görüş keçirilib

Bakı, 8 iyun, AZƏRTAC
“Formula-1” Avropa Qran-prisinə hazırlıq çərçivəsində iyunun 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ilə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) nümayəndələri arasında qarşılıqlı əlaqələrin təşkili mövzusunda görüş keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin “Formula-1” yarışları zamanı təhlükəsizliyə cavabdeh əməkdaşları və BŞH-nin nümayəndələri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd yarışlar zamanı qarşılıqlı fəaliyyətin daha dəqiq əlaqələndirilməsi və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparmaqdan ibarət olub.
FHN-in “Formula-1” üzrə əlaqələndiricisi, polkovnik Cavanşir Həşimov görülən işlərdən danışıb. O, belə tədbirlərin keçirilməsinin yarışlardan əvvəl əməkdaşların nəzəri biliklərinin artırılmasına kömək etdiyini vurğulayıb.
BŞH-nin obyektlərin idarəedilməsi üzrə mütəxəssisi Ləman Həsənova, idman üzrə menecerinin müavini Vladislav Vorapayev, təhlükəsizlik üzrə əlaqələndiricisi Məsturə Ədilova “Formula-1” yarışları zamanı FHN-in xilasediciləri ilə qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıblar. Çıxışlarda yarışlar zamanı baş verə biləcək hər hansı hadisəyə operativ reaksiya verilməsinin zəruriliyi vurğulanıb.
Sonda yarışlarda təhlükəsizliyə dair fotoslaydlar göstərilib, suallar cavablandırılıb.