REGİONLAR
Fövqəladə hallar naziri Lənkəranda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
Lənkəran, 28 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 28-də Lənkəran şəhərində cənub bölgəsinin sakinlərini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nazir Kəmaləddin Heydərov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Nazirliyin müvafiq icra strukturu rəhbərlərinin iştirak etdiyi qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 99, digər məsələlərlə bağlı müraciət etmiş 127 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Qəbula gələn rayonların sakinləri nazirlə birbaşa görüş üçün yaradılmış şəraitdən məmnun qaldıqlarını söyləyib və bölgələrdə bu cür qəbulların təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.