CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
Bakı, 30 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Cənub Regional Mərkəzi tərəfindən Masallı rayonunun N.Gəncəvi adına Boradigah qəsəbə 1 saylı tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonunun Kərəmli kənd tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonunun Goradil kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən şəhid Firudin Mehdiyev adına Füzuli rayonunun Horadiz şəhər 2 saylı tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonunun Palçıqoba kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb. Bundan başqa, FHN-in 112 - qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Qeyd edək ki, slaydların müşayiəti ilə edilən təqdimatlar zamanı mövzulara dair videoçarxlar da nümayiş olunub.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.