CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 sentyabr – Bilik Günü münasibətilə görüş keçirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Bilik Günü” və yeni dərs ilinin başlanması münasibətilə kursantlarla görüş keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Sonra tədbirdə giriş sözü ilə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev yeni tədris ilinin başlanması münasibətilə kursantları təbrik edib, onlara uğurlar arzulayıb. O, qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə uğurla inkişaf etdirilir.
B.Salayev deyib ki, Akademiyada təhsil alan kursantlar bu ali təhsil ocağında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində zəngin bilik və bacarıqlara yiyələnirlər. O, kursantlara nümunəvi, nizam-intizamlı xidmət etmələrini, Vətənə, xalqa və Hərbi anda sadiq olmağı, tədrisə məsuliyyətlə yanaşmağı, komandir-rəis heyətinin əmr və tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə edib.
General-mayor Baba Salayev, həmçinin diqqətə çatdırıb ki, Akademiyada peşəkar kadrların yetişdirilməsi və kursantların asudə vaxtlarından səmərəli istifadəsi üçün hər cür şərait yaradılıb. Tədris prosesi ilə yanaşı, gənclərin intellektual səviyyələrinin və fiziki hazırlıqlarının artırılması istiqamətində də məqsədyönlü fəaliyyət planı tətbiq edilir.
Digər çıxış edənlər də yeni tədris ilinin başlanması münasibətilə kursantlara təbriklərini və xoş arzularını çatdırıb, onlara təhsillərində uğurlar arzulayıblar.