REGİONLAR
Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri zəlzələ bölgəsində sosial obyektlərə və evlərə baxış keçirir
Zaqatala-Qax, 7 iyun, Mustafa Dadaşov, AZƏRTAC
İyunun 5-də axşam respublikamızın şimal-qərb bölgəsində baş vermiş 6 bal gücündə zəlzələ nəticəsində dəymiş ziyanı müəyyənləşdirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, həmçinin rayonların fövqəladə hallar komissiyaları və aidiyyəti qurumlar tərəfindən zərər çəkmiş ərazilərdə araşdırmalara başlanılıb.
Zaqatala və Qax rayonlarının fövqəladə hallar komissiyalarından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, araşdırmalar rayonların əksər yaşayış məntəqələrini əhatə edəcək. İlk növbədə, sosial təyinatlı obyektlərə, o cümlədən uşaq bağçaları, təhsil, səhiyyə və mədəniyyət obyektlərinə, həmçinin 2012-ci il zəlzələsində qəzalı vəziyyətə düşmüş binalara baxış keçirilir. Daha sonra vətəndaşların müraciətləri əsasında zərər dəymiş fərdi evlərə baxılacaq. Araşdırmalar başa çatdıqdan sonra təmir, bərpa və gücləndirməyə ehtiyacı olan sosial obyektlər və fərdi evlər müəyyənləşdiriləcək.