İQTİSADİYYAT
“Fövqəladə hallar qatarı” MMC-nin yeni istehsalat bazası istismara verilib
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə keçirilən tədbirdə nəqliyyat nazirinin müavini Musa Pənahov, Səhmdar Cəmiyyət sədrinin birinci müavini Əlirza Süleymanov və Dünya Bankının nümayəndələri iştirak ediblər.
“Əsaslı tikinti və texniki nəzarət” MMC-nin rəisi Sabir Məhərrəmov məlumat verərək bildirib ki, dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəldilmiş “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi layihəsi”nin həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələrdən biri də “Azərbaycan Dəmir Yolları” QSC-nin “Neft dağılmalarına qarşı cavab tədbirləri”ndə potensialın yaradılmasıdır. Layihənin tərkib hissələrindən biri də “Fövqəladə hallar qatarı” MMC-nin maddi-texniki bazasının yenidən qurulması idi.
Dəmir yolunda fövqəladə və qəza hallarının aradan qaldırılmasının təmin edilməsi məqsədilə Biləcəri stansiyasında keçmiş “Buz zavodu”nun ərazisində ötən il iyunun 1-də başlanan istehsalat bazasının tikintisi bu il avqustun 1-də başa çatdırılıb.
Ümumi ərazisi 25 min 296 kvadratmetr olan istehsalat bazasında inzibati bina, təmir sexi, avtomobillərin dayanacağı üçün talvar, su və çirkab su anbarları inşa edilib.
Qeyd edək ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrasına başlanıldığı ilk mərhələdə “Neft dağılmalarına qarşı cavab tədbirləri” üzrə əsas şərtlər toplusu və qısa siyahı təsdiq edilmək üçün Dünya Bankına göndərilmiş, təqdim olunmuş texniki və maliyyə təklifləri qiymətləndirilmiş və məsləhətçi seçilən Türkiyənin ESER şirkəti bu sahədə müvafiq işlərə başlamışdır. Müvafiq bölmələrin işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Türkiyənin ESER şirkəti treninqlər keçirmişdir.
Daha sonra həmin layihə çərçivəsində işlərin səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulan bir sıra avadanlıqların, təhlükəsizlik və personal qoruyucu aksessuarların, alətlərin, kompyuter avadanlığının yerləşdirilməsi üçün 6 ədəd 20 tonluq konteyner alınaraq “Fövqəladə hallar qatarı” MMC-nin Gəncə, Biləcəri, Hacıqabul, İmişli, Yevlax və Şabran bölmələri arasında paylanılmışdır.