DÜNYA
Fransa prezidenti beynəlxalq sülh mükafatına layiq görülmüşdür
Paris, 22 fevral (AZƏRTAC). Fransa Prezidenti Fransua Olland Feliks Ufue-Buani adına beynəlxalq sülh mükafatına layiq görülmüşdür.
Mozambikin keçmiş prezidenti Joakimin Çessanonun sədrliyi altında keçirilən beynəlxalq sülh mükafatının münsiflər heyətinin yığıncağı Afrika qitəsində stabilliyin və sülhün qorunub saxlanılmasına verdiyi əməli töhfələrinə görə Fransa prezidentinə bu mükafatın verilməsini yekdilliklə qərara almışdır.
Joakimin Çessano bildirmişdir ki, münsiflər heyəti qitə ölkələrini təhdid edən müxtəlif xarakterli təhlükələri ciddi şəkildə təhlil etmiş, Mali hadisələrində Fransanın bu ölkə ilə həmrəylik nümayiş etdirməsini və əməli kömək göstərməsini yüksək qiymətləndirmişdir.
Xatırladaq ki, Feliks Ufue-Buani adına beynəlxalq sülh mükafatı 1989-cu ildə təsis edilmişdir. BMT və UNESCO kimi nüfuzlu təşkilatların Nizamnaməsinə əsasən dünyada sülh işinə töhfə verən ayrı-ayrı şəxslər, müəssisə və təşkilatlar bu mükafata layiq görülürlər. Nelson Mandela, İsax Rabin, Şimon Peres, Yasir Ərəfat, İspaniya kralı və digər tanınmış siyasi xadimlər, dövlət başçıları bu mükafatın laureatları olmuşlar. Laureat adına layiq görülənlərə 150 min dollar, diplom və qızıl medal təqdim olunur.
Fransa Prezidentinə mükafat yaxın vaxtlarda UNESCO-nun iqamətgahında təntənəli şəkildə təqdim olunacaqdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris