SİYASƏT
Fransa Senatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçiriləcəkdir
Paris, 4 dekabr ( AZƏRTAC ). 1994-cü ildə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki ölkə arasında atəşkəs barədə razılıq əldə edilmişdir. Münaqişə dövründə bir milyondan artıq azərbaycanlı erməni hərbi birləşmələrinin silahlı hücumları doğma torpaqlarından çıxarılaraq qaçqın və məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq münaqişənin dinc yolla həlli ilə bağlı Azərbaycan tərəfinin konstruktiv danışıqlar aparmaq cəhdlərinə Ermənistan rəsmiləri qeyri-obyektiv yanaşmış, müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırmışlar.
Münaqişəni sülh yolu ilə həll etmək məqsədi ilə yaradılmış ATƏT-in Minsk qrupunun uzunmüddətli fəaliyyəti də nəticəsiz qalmışdır. ABŞ-dan, Fransadan və Rusiyadan olan həmsədrlərinin münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində cəhdləri də uğursuz olmuşdur. Dondurulmuş münaqişənin həlli dalana dirənmişdir. Bunun sonu olacaqmı?
Dekabrın 8-də Fransa Senatında “Ermənistan ilə Azərbaycan arasında münaqişə, unudulmuş münaqişə” və “ ATƏT-in Minsk qrupunun fransalı həmsədri” mövzularında təşkil olunacaq “dəyirmi masada” bu məsələlər ilə bağlı müzakirələr aparılacaqdır.
Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək “dəyirmi masada” hər iki ölkənin deputatları, tanınmış siyasətçilər, tarixçilər iştirak edəcəklər.
“Dəyirmi masa” çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən fotosərgi təşkil olunacaq, Qarabağ musiqiçilərinin ifasında muğamlar səslənəcəkdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris