FRANSA YENİ İLİ QARŞILAYIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bütün dünya xalqları kimi bayramları yüksək əhval-ruhiyyədə qarşılamağa adət etmiş fransızlar da Yeni il bayramına ciddi hazırlaşmışlar.
Ənənələrinə sadiq qalmış fransızlar bu əlamətdar bayrama adətən noyabrın əvvələrindən hazırlıq görürlər. Bütün şəhərlər, qəsəbə və kəndlər Yeni ilin gəlişindən xəbər verən küknar kolları ilə bəzədilir, mağazaların, inzibati binaların fasadları, meydançalar öz əvvəlki simasını dəyişərək, bayram libasına bürünür. Bələdiyyə başçıları onlara aid sahələrin daha çox göz oxşaması üçün sözün əsl mənasında bir-biriləri ilə bəhsə girişirlər.
Ölkənin paytaxtı Paris Yeni ilqabağı öz simasını tamam dəyişir. Şəhərin ən böyük univermaqlarının fasadları çıraqbana bürünür, vitrinlərdə qoyulmuş oyuncaqların müəyyən süjetlə bağlı hərəkət etmələri nəinki uşaqların, hətta böyüklərin diqqətini cəlb edir. Parisə qar yağmasa da, xüsusi maddədən düzəldilmiş süni qarın hopdurulduğu küknar kolları şəhərə xüsusi yaraşıq verir.
Parisin gecələri daha təmtaraqlı görünür. Elektrik lampalarından şəhər sanki od tutub yanır. Məşhur Yelisey xiyabanının hər iki tərəfindəki ağaclarda qoyulmuş lampalar xiyabana xüsusi yaraşıq verir. Bir sözlə, Paris kimi, ölkənin digər şəhərləri də Yeni ildə qışı xatırladan şəkildə öz simasını dəyişir.
Yeni il bayramına hazırlaşan fransızlar bir ay ərzində qazı və yaxud hind toyuğunu qaranlıq yerdə qozla bəsləyirlər. Bu, artıq fransız ailələrində bir ənənə şəklini almışdır.
Siyasi şərhçilər deyirlər ki, Fransa Yeni ilə həllini gözləyən çoxlu problemlərlə gedir. 2008-ci ildə Fransa hökuməti üzləşdiyi problemləri aradan qaldıra biləcəkmi? Bu suala indidən cavab vermək çətindir.