SİYASƏT
Fransada Azərbaycanla bağlı növbəti radio verilişi səslənmişdir
Paris, 26 mart ( AZƏRTAC ). Fransada ayda bir dəfə Azərbaycanla bağlı efirə çıxan radio proqramının mart verilişi Novruz bayramına həsr olunmuşdur.
Aparıcılar Azərbaycanda və digər ölkələrdə hər il martın 20 və 21-də qeyd olunan Novruz bayramının baharın gəlişindən, təbiətin canlanmasından xəbər verdiyini diqqətə çatdırmışlar.
Qeyd olunmuşdur ki, bayram günlərində mahnıların və milli rəqslərin ifa edildiyi vurğulanmış, folklor əsasında səhnəciklərin açıq havada göstərildiyi, bayrama bir ay qalmış hər həftənin çərşənbə axşamlarının müəyyən ad altında qeyd olunduğu, müxtəlif şirniyyatlarla bəzədilən bayram süfrələrinə təbiətin oyanışını təcəssüm etdirən yaşıl səmənilər qoyulur. Sovet hakimiyyəti dövründə xalqımızın bu əziz və milli bayramına dini bayram donu geydirilmiş və qadağa qoyulmuşdur. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Novruz dövlət tərəfindən milli bayramı kimi qəbul edilmişdir.
Novruz bayramının 2009-cu ildə UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş, 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 21 mart “Beynəlxalq Novruz günü“ elan olunmuşdur.
Verilişdə AZƏRTAC-ın saytında yayımlanan materiallardan geniş istifadə edilmişdir. Gürcüstanın prezidenti Mixeil Saakaşvilinin ölkəmizə səfərindən, fevralın 26-da Fransanın Milli Assambleyasında iki azərbaycanlının ermənilər tərəfindən döyülməsindən, Azərbaycan Prezidentinin keçirdiyi rəsmi görüşlərindən, kənd təsərrüfatı naziri İsmət Abbasovun Fransaya işgüzar səfəri və keçirdiyi görüşlərdən bəhs olunmuşdur.
Həmçinin ölkəmizdə nəşr olunan qəzetlərin xülasəsinə yer ayrılmış, Novruz bayramının tərənnüm edildiyi musiqi parçaları səslənmişdir.
Azərbaycanla bağlı növbəti veriliş aprelin 21- də efirə çıxacaqdır.
Əsgər Əliyev,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris