SİYASƏT
FRANSADA AZƏRBAYCANLILAR ETİRAZ AKSİYASI KEÇİRMİŞLƏR
Paris, 12 dekabr (AZƏRTAC). Noyabrın 28-də “Euronews” televiziya kanalında “Dağlıq Qarabağ: sülh uğrunda mübarizə” adlı reportaj getmişdir. Dağlıq Qarabağın separatçı rejimini müstəqil dövlət, Bako Saakyanı isə heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma “respublika”nın “prezidenti” kimi təqdim etmiş və tarixi faktları saxtalaşdırmış reportaj nəinki Azərbaycanda, habelə xarici ölkələrdə, o cümlədən erməni lobbisinin güclü olduğu Fransada yaşayan azərbaycanlılar arasında geniş əks-səda doğurmuş və böyük etiraza səbəb olmuşdur.
Bu reportaja etiraz əlaməti olaraq dekabrın 11-də televiziya kanalının əsas ofisinin yerləşdiyi Fransanın ikinci böyük şəhəri Lionda azərbaycanlılar aksiya keçirmişlər. Yerli hakimiyyət orqanlarından icazəsi alınmış aksiyada ölkənin müxtəlif şəhərlərində yaşayan və təhsil alan onlarla azərbaycanlı iştirak etmişdir.
Fransa və Azərbaycan bayraqlarının dalğalandığı aksiyada telekanalın Dağlıq Qarabağla bağlı birtərəfli reportaj hazırlaması pislənilmiş, belə hallara son qoyulması tələbi irəli sürülmüş, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini zəbt etməsi, işğal olunmuş ərazilərə dair obyektiv məlumatın dünya ictimaiyyətinə çatdırılması barədə plakatlar qaldırılmış, fransız və ingilis dillərində şüarlar səsləndirilmişdir.
Telekanalın baş direktoru P.Barabas aksiya iştirakçılarından və fəallarından ibarət qrupu qəbul etmişdir. Görüşdə baş direktora Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın ölkəmizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etməsi barədə əsaslı və dolğun məlumat verilmiş, ona Azərbaycan xəritəsi, münaqişəyə dair fransız və ingilis dillərində kitablar və disklər, Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görmüş Xocalı faciəsindən bəhs edən ədəbiyyat və digər materiallar təqdim edilmişdir.
Baş direktor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağın Azərbaycan ərazisi olması barədə məlumata malik olmadığını, reportajın onun gözləmədiyi halda azərbaycanlılar arasında geniş etiraz doğurduğunu etiraf etmiş, belə hallara bir daha yol verilməyəcəyini, həqiqəti tam üzə çıxarmaq məqsədi ilə Azərbaycandan da reportaj hazırlanacağını bildirmişdir.
Yerli vaxtla saat 11-də başlanmış etiraz aksiyası saat 14-də sakit şəraitdə başa çatmışdır.
Aksiya zamanı kənardan hər hansı təxribata yol verməmək məqsədi ilə ərazi qanun keşikçiləri tərəfindən mühafizə olunmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
######