DÜNYA
Fransada eynicinslərin evlənmələrinə qarşı etiraz nümayişi keçirilmişdir
Paris, 19 noyabr ( AZƏRTAC ). Noyabrın 17-də və 18-də Fransada eynicinslərin evlənmələrinə qarşı izdihamlı etiraz nümayişi keçirilmişdir. Iki günlük Nümayiş dalğası ölkənin 70-dən artıq şəhərini bürümüşdür. Eynicinslərin evlənmələrini qanuniləşdirmək məqsədilə Nazirlər Şurasına təqdim olunan qanun layihəsinə etiraz edən minlərlə insan küçələrə çıxaraq eynicinsləri evlənmələrinin cəmiyyəti məhvə doğru aparması barədə şüarlar səsləndirmiş, bu vəziyyətin bəşəri artım üçün böyük bəlaya çevriləcəyini, sivilizasiya üçün təhlükə yaradacağını bəyan etmişlər.
Parisdə göy, ağ və qırmızı paltarlı 200 mindən artıq nümayişçi paytaxtın Danfer-Roşero meydanından İnvalid meydanına doğru hərəkət edərək eynicinslilərin evlənmələrinə dair qanun qəbul edildiyi təqdirdə daha möhtəşəm nümayiş keçirəcəkləri barədə dövlət rəsmlərini xəbərdar etmişlər.
Marseldə 20, Tuluzda 10, Lionda 25, Nantda 5, Renndə 5 və ölkənin digər şəhərlərində isə minlərlə adam etiraz nümayişinə çıxmışlar.
Polis bu nümayiş əleyhinə eynicinslilərin evlənmələrini dəstəkləyən qüvvələrin təşkil etdiyi nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur olmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris