MƏDƏNİYYƏT
Fransada yaşayan həmyerlimizin əsəri Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin “Şuşa” mükafatına layiq görülüb
Bakı, 21 sentyabr, AZƏRTAC
Nyu-Yorkda yaşayan həmyerlimiz, pianoçu, professor Nərgiz Əliyarovanın təşkilatçılığı ilə əcnəbi münsiflər heyətindən ibarət Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti- NMGCS tərəfindən keçirilən II Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Fransada yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı, bəstəkar, musiqiçi Etibar Əsədlinin əsəri müsabiqənin “Şuşa” mükafatına layiq görülüb.
Müsabiqə görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunub. Beynəlxalq müsabiqəyə dünyanın müxtəlif ölkələrindən (ABŞ, Hollandiya, Çin, Polşa, Böyük Britaniya, Almaniya, Kolumbiya, İtaliya, Argentina, Bolqarıstan, Gürcüstan, Latviya, İran, Meksika, Filippin, Yunanıstan, Avstriya, Fransa, Türkiyə və Azərbaycan) bəstəkarlar qoşulublar.
Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin seçimlərinə əsasən Lin Sen (Çin) 1-ci yerə, Jared Destro (ABŞ) 2-ci yerə, Roman Czura (Almaniya) və İrakli Areşidze (Gürcüstan) 3-cü yerə, həmçinin hər bir iştirakçı müsabiqənin Mükəmməllik Mükafatına layiq görülüb.
Leilo Di Tullio (İtaliya), Marius Diaz (Kolumbiya), Franz Augustine Mallari (Filippin), Lukas Jaramillo Valderrama (Kolumbiya), Mehran Pedram (İran), Alicia Haydee Clausi (Argentina) ABŞ-da Nailiyyət və Nəşriyyat Sertifikatı, Sina Cafarikia (İran) Xüsusi Hacıbəyli Sertifikatı və Nəşriyyatı, Etibar Əsədli (Azərbaycan/Fransa) isə “Şuşa” Mükafatı ilə qaliblər siyahısında yer alıblar.
Qeyd edək ki, Bakıda anadan olan musiqiçi ilk təhsilini də doğma şəhərdə alıb. Bakıda tam olaraq akademik musiqi təhsili alan Etibar Əsədli yerli və beynəlxalq caz festivallarında uğurlu çıxışlar edib. ABŞ, İngiltərə, Fransa, Avstriya, İsveçrə, Almaniya, Portuqaliya, Rusiya, Türkiyə, Cənubi Koreya, Çin və digər ölkələrdə fərqli layihələrdə konsertlər verib.
Hazırda Etibar Əsədli Paris şəhərində yaşayır. Fransanın məşhur CMDL (Centre des Musique Didier Lockvood) Caz təhsil məktəbinin məzunudur. Eyni zamanda, Avropanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə iştirak edir.