İQTİSADİYYAT
Fransanın aqrar şirkətlərinin nümayəndələri ilə görüş keçirilib
Bakı, 11 iyul, AZƏRTAC
Fransanın aqrar sahədə fəaliyyət göstərən şirkətləri və həmin şirkətləri özündə birləşdirən ADEPTA təşkilatının nümayəndələri sözügedən qurumun prezidenti xanım Reyçelin Levinin başçılığı ilə Azərbaycanda səfərdədir. İyulun 11-də Aqrar Tədqiqatlar Mərkəzində ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə Kənd Təsərrüfatı Nazirliyinin bir sıra tabeli qurumlarının nümayəndələri arasında görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov, Aqrar Xidmətlər Agentliyinin sektor müdiri Bəhlul Salmanov və Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova təqdimatla çıxış ediblər.
Natiqlər təmsil etdikləri qurumların fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələrlə bağlı təqdimat edib, qonaqları maraqlandıran sualları cavablandırıblar.
Müzakirələr zamanı ölkələrimiz arasında ticarət əlaqələri və aqrar sahədə əməkdaşlığın perspektivləri, ölkəmizdən Fransaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcminin artırılması üçün belə görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Daha sonra qonaqlar Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə” layihəsi çərçivəsində fəaliyyət göstərən eyniadlı satış mərkəzinə baş çəkib, burada yaradılan şəraitlə tanış olublar.
Satış mərkəzi ilə tanış olan qonaqlar üçün yerli fermer və qida istehsalçılarının məhsullarının dequstasiyası da təşkil edilib.