DÜNYA
Fransanın bəzi yanacaqdoldurma məntəqələrində benzin və dizel ehtiyatları tükənib
Bakı, 6 sentyabr, AZƏRTAC
Fransada bir sıra yanacaqdoldurma məntəqələri sentyabrın 1-dən tətbiq edilən yeni güzəştlərlə bağlı ajiotaj səbəbindən benzin və dizel ehtiyatlarının tükəndiyini bildirib.
AZƏRTAC BFM telekanalına istinadla xəbər verir ki, sentyabrın 1-dən ölkənin bütün yanacaqdoldurma məntəqələrində yanacağın bir litri üçün dövlət güzəşti 18 sentdən 30 sentə qaldırılıb. Eyni zamanda, “TotalEnergies” kompaniyası vergidən yayınmaq üçün hökumətlə razılaşma əsasında bütün yanacağın qiymətini əlavə olaraq 20 sent endirib.
France-Presse agentliyinin məlumatına görə, Fransada sentyabrın 1-dən etibarən SP-95 markalı benzinin orta qiyməti təxminən 16 sent ucuzlaşaraq litri 1,61 avroya, dizel yanacağının orta qiyməti isə 16 sent ucuzlaşaraq litri 1,78 avroya enib.
Qeyd edək ki, güzəştlər Avropa İttifaqının Rusiyadan neft məhsullarının tədarükünə qoyduğu embarqo səbəbindən yanacağın qiymətinin kəskin artması ilə əlaqədar tətbiqi edilib.