SİYASƏT
Fransanın “Luxe-Maqazine.com” elektron jurnalında Azərbaycan səfirinin müsahibəsi verilmişdir
Paris, 28 mart (AZƏRTAC). Fransanın nüfuzlu “Luxe-Maqazine.com” elektron jurnalında Azərbaycanın bu ölkədəki səfiri Elçin Əmirbəyovun geniş müsahibəsi verilmişdir.
Səfir müsahibəsində Azərbaycan haqqında fransız oxucularına ətraflı məlumat vermişdir.
Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunu oynadığını söyləyən diplomat dəniz yollarının əsasən Xəzərin ən böyük limanı hesab olunan Bakıdan başlandığını bildirmişdir.
Azərbaycanın tarixən öz zəngin mədəniyyətini və adət-ənənələrini qoruyub saxladığını vurğulayan diplomat diqqətə çatdırmışdır ki, Şərqdə ilk demokratik parlament respublikası məhz ölkəmizdə yaradılmış, qadınlara əksər Avropa ölkələrindən daha əvvəl seçib-seçilmək hüququ verilmişdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk sədrinin rəhbərliyi ilə nümayəndə heyəti 1919-cu ildə Fransaya səfər etmişdir.
E.Əmirbəyov Azərbaycan hökumətinin enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət yetirməsi, ölkəmizdə xarici sərmayədarlar üçün münbit şəraitin yaradılması, Avropa dövlətləri, xüsusilə də Fransa ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi, bu ilin fevralında Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması haqqında məlumat vermişdir.
Diplomat, həmçinin Azərbaycanın fauna və florasının zənginliyindən, ölkəmizin etnik və dini dözümlülük ənənələrindən, respublikamızda müxtəlif xalqların dinc şəraitdə əsrlər boyu birgə yaşamasından bəhs etmişdir.
Səfir bildirmişdir ki, mədəniyyətlərarası dialoqun inkişafına layiqli töhfə verən Azərbaycanda ötən il “Eurovision” mahnı müsabiqəsi yüksək səviyyədə keçirilmişdir.
Bakının mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayan diplomat 2015-ci ildə Azərbaycanda birinci Avropa Oyunlarının keçiriləcəyini xatırlatmış, son illər ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlərdən danışmışdır.
Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələrdən bəhs edən səfir neft-qaz sənayesi ilə yanaşı, ətraf mühit və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdiyini bildirmiş, sabiq Prezident Nikola Sarkozinin iştirakı ilə 2011-ci ildə Bakıda Fransız Liseyinin təməlinin qoyulduğunu diqqətə çatdırmışdır. Səfir, həmçinin Azərbaycanın bp, Total, Statoil, Amoco kimi şirkətlərlə uğurlu əməkdaşlığı haqqında danışmışdır.
E.Əmirbəyov Azərbaycanın Qərbə inteqrasiyada, Avropanın enerji təhlükəsizliyinin təminində, mübahisəli məsələlərin dinc yolla həllində, dünyanın bir çox ölkələri, o cümlədən Fransa ilə strateji əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirmişdir.
Azərbaycanın müstəqil iqtisadi siyasət yürütdüyünü vurğulayan diplomat ölkəmizdə uğurlu islahatların aparıldığını diqqətə çatdırmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris