DÜNYA
Fransanın Xalq Hərəkatı Birliyi Uğrunda Partiyasının sədrlik məsələsində böhran yaranmışdır
Paris, 12 dekabr (AZƏRTAC). Fransanın vaxtilə iqtidarda olan Xalq Hərəkatı Birliyi Uğrunda Partiyasının sədlik məsləsində bohran yaranmışdır. Cari il noyabr ayının 18-də sədlik vəzifəsi ilə bağlı keçirilən seçkilərdə partiyanın baş katibi Jan-Fransua Kope və keçmiş baş nazir Fransua Fiyon partiyaya sədrlik vəzifəsinə namizəd göstərilmişdilər. Seçkilərdən sonra hər iki namizəd qalib gəldiyini elan etmişdi. Nəticədə partiyada ikitirəlik yaranmış və sədrlik məsələsi həllini tapmayaraq dalana dirənmişdi.
Seçkilərin keçirildiyi vaxtdan üç həftə ötməsinə baxmayaraq, sədrlik məsələsində tərəflər arasında ümumi razılıq əldə edilməmişdir. Jan-Fransua Kope və Fransua Fiyon bu müddətdə beş dəfə görüşmüşlər. Amma heç bir nəticə əldə olunmamışdır.
Namizədlərin tərəfdarları yeni seçkilər keçirilməsi çağırışı ilə çıxış etsələr də, məsələ real həllini tapmamışdır.
Xalq Hərkatı Birliyi Uğrunda Partiyasını Milli Assambleyada təmsil edən deputatlar sədr vəzifəsinə kimin seçilməsi məsələsinin siyasi yolla deyil, hüquqi yolla həllini tapacağına ümidvar olduqlarını bəyan etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris