MƏDƏNİYYƏT
Fransız yazıçısı Fransua-Rene de Şatobrian
Bakı, 4 sentyabr, AZƏRTAC
Fransa ədəbiyyatında romantizmin banilərindən biri və diplomat Fransua-Rene de Şatobrian 1768-ci il sentyabrın 4-də Sen-Maloda anadan olub. Bretoniyalı zadəgan ailəsindən olan de Şatobrian yaxşı təhsil alıb, səyahət edib, o cümlədən gəmi ilə Şimali Amerikaya gedib. Böyük Fransa İnqilabı yenicə başlananda Fransaya qayıdan Şatobrian kralın tərəfdarı kimi çıxış edir.
İnqilabçıların qələbəsindən sonra Şatobrian mühacirət etməyə məcbur olaraq İngiltərəyə köçür, orada “İnqilablar təcrübəsi” adlı əsər yazır. Bu əsərində Fransa hadisələrini tənqidi mövqedən təhlil edir. Sonradan Napoleonun dəvəti ilə Fransaya qayıdır və diplomatik karyerasına başlayır.
Şatobrian ədəbiyyatda Fransa və Avropa romantizminin banilərindən biri kimi fəxri yer tutur. Onun şah əsəri “Xristianlığın apologiyası” (və ya “xristianlı dühası”) adlanır. Bundan əlavə, “Atala və ya iki vəhşinin səhrada sevgisi” romanı, “Rene və ya ehtirasların nəticələri” (fransız Verterin iztirabları haqqında) povesti də onun qələminin məhsullarıdır. Şatobrian yeni ifadə vasitələrindən istifadə edir, qəhrəmanlarının keçirdiyi hissləri təbiətin dili ilə oxucuya çatdırırdı.
Yazıçının yaradıcılığı romantizm dövründə təkcə Fransa ədəbiyyatına deyil, bütün Avropa ədəbiyyatına güclü təsir göstərib. Konstantin Batyuşkov və Aleksandr Puşkin Şatobrianın yaradıcılığını yüksək qiymətləndirirdi. Fransa romantizminin görkəmli nümayəndələri Alfred de Vinyinin və Viktor Hüqonun yaradıcılığı isə Şatobrianın istifadə etdiyi romantizm elementlərinə əsaslanır.
Fransua-Rene de Şatobrian 1848-ci il iyulun 4-də Parisdə vəfat edib. Onun ölümündən sonra memuarları “O dünyadan qeydlər” adı altında dərc edilib. Bu memuarlar da romantizm ruhunda qələmə alınıb.