Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Fuad Ələsgərov: Ölkəmizdəki ictimai-siyasi sabitlik Prezident İlham Əliyevin gərgin əməyinin və müdrik siyasətinin nəticəsidir VİDEO

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Masallıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Masallı, 6 fevral, Bağır Əliyev, AZƏRTAC

Fevralın 6-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Fuad Ələsgərov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponat və fotoşəkillərə baxıblar. Sonra Masallı şəhərində inşa edilən “ASAN” Xidmət Mərkəzi, Uşaq İncəsənət Məktəbi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin tikintisinin gedişi ilə tanış olublar.

Masallı Rayon Mədəniyyət Mərkəzində keçirilən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, dünyada hökm sürən maliyyə və iqtisadi böhranın ölkə iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl antiböhran tədbirləri həyata keçirilir, ictimaiyyət bununla bağlı geniş məlumatlandırılır.

Qeyd olunub ki, dövlətimizin başçısının tapşırığına əsasən rayonda sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması istiqamətində işlərə başlanılıb. Qızılağac və Kolatan kəndlərinin ərazisində “Azərsun” Holdinq Şirkətlər Qrupu tərəfindən 150 hektar tərəvəz və 100 hektar çay plantasiyasının salındığını və burada 800-ə yaxın yeni iş yerinin açıldığını vurğulayan R.Hüseynov əhalinin məşğulluğunu təmin etmək məqsədilə rayonda təmir-tikinti, yaşıllaşdırma, abadlıq, enerji təchizatı, yol tikintisi və digər sahələrdə 1000-dən çox qeyri-məşğul əhalinin ödənişli əsaslarla ictimai işlərə cəlb olunacağını və artıq yeni yaradılmış iş yerlərinə işçi qəbuluna başlanıldığını diqqətə çatdırıb.

Məlumat verilib ki, hazırda rayonda 4 yeni məktəb binasının, 5 həkim məntəqəsinin, 3 uşaq bağçasının, rayon tarix-diyarşünaslıq muzeyinin, Uşaq İncəsənət Məktəbinin, Viləş Park-Bulvar Kompleksinin, Bayraq Meydanının tikintisi, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması istiqamətində işlər davam etdirilir, Muğan zonasını içməli su ilə təmin etmək məqsədilə Viləşçay su anbarından içməli su xətti çəkilir. Rayonda yaşayış məntəqələrinin qazlaşdırılması 90 faizə çatdırılıb.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən hakimiyyət nümayəndələrinin regionlarda vətəndaşlarla birbaşa təmasları yaxşı ənənə halını alıb. Bu, dövlət məmurlarına bölgələrdəki vəziyyətlə, yerli sakinlərin üzləşdiyi problemlərlə daha yaxından tanış olmaq, onlarla canlı ünsiyyət qurmaq və mövcud problemlərinin həllində insanlara yardımçı olmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Fuad Ələsgərov deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda ötən il regionların inkişafı istiqamətində görülmüş işlər, həmçinin qarşıdan gələn illərdə sosial-iqtisadi sahədə həyata keçirilməli olan tədbirlər müzakirə edilib.

2015-ci il Azərbaycan üçün bütün sahələrdə çox əlamətdar bir il olub. Ölkəmizin Avropanın qaz təchizatında mühüm rolunu təmin edəcək “Cənub” qaz dəhlizinin icrası istiqamətində atılan addımlar, Azərbaycanın özünü Şimal-Cənub və Şərq-Qərb marşrutu üzrə çox güclü tranzit ölkə kimi təqdim etməsi nəticəsində respublikamız əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilib.

Ötən il Azərbaycanda ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz, kənd təsərrüfatı 6,6 faiz artıb. Ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Keçən il üçün nəzərdə tutulmuş bütün sosial proqramlar icra edilib, ünvanlı dövlət sosial yardımı 7 faiz artırılıb. Ümumiyyətlə, sosial proqramların həyata keçirilməsi Prezidentin daim diqqət mərkəzindədir. Son 12 ildə ölkəmizdə 1 milyon 500 min iş yeri yaradılıb və bunların 1 milyonu daimi iş yeridir. Bu dövr ərzində ölkəmizdə maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb”.

F.Ələsgərov qeyd edib ki, 2015-ci ildə dövlətimizin başçısı tərəfindən sahibkarlığın inkişafına təkan vermək məqsədilə mühüm təşəbbüslər göstərilib, əhəmiyyətli sənədlər imzalanıb. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb, sahibkarlıq fəaliyyəti üçün lisenziyaların sayı əhəmiyyətli dərəcədə azaldılıb, lisenziyaların müddətsiz verilməsi müəyyən edilib və onların verilməsi prosedurları sadələşdirilib. Artıq lisenziyalar yalnız bir dövlət orqanı - İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində şəffaflıq şəraitində verilir. Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün lisenziyalara görə rüsumların məbləği 50 faiz azaldılıb. Son 12 il ərzində sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilib. Bu il də belə kreditlərin verilməsi davam etdiriləcək.

Prezident Administrasiyasının rəsmisi görüş iştirakçılarını ictimai-siyasi sabitliyin, ictimai təhlükəsizliyin qorunması istiqamətində əldə olunan nəticələrlə bağlı da məlumatlandırıb. Diqqətə çatdırıb ki, ötən il əhalinin hər 100 min nəfərinə 277 cinayət hadisəsi düşüb. Bu göstəriciyə görə Azərbaycan MDB və Avropa ölkələri arasında öncül mövqelərdən birini tutur. Digər mühüm göstərici ölkə ərazisində törədilmiş 23545 cinayətin 82,4 faizinin açılması olub. 2015-ci ildə daxili qoşunların maddi-texniki hazırlığının artırılması, müasir texnikanın əldə edilməsi, daxili qoşunlarda intizamın və döyüş hazırlığının gücləndirilməsinə böyük diqqət yetirilib.

2015-ci ildə Masallı rayonunda da cinayətkarlıqla effektiv mübarizə aparılıb. Rayon ərazisində törədilmiş 334 cinayətin 93,2 faizi açılıb ki, bu da çox yaxşı göstəricidir.

Azərbaycanın hərbi potensialının, milli ordunun müasir hərbi texnika və döyüş sursatları ilə təminatının 2015-ci ildə daha da gücləndirildiyini bildirən F.Ələsgərov deyib ki, bu, özünü təmas xəttində də açıq şəkildə göstərib və ordumuzun düşmən üzərindəki tam üstünlüyü təmin edilib. Artıq tam əminliklə deyə bilərik ki, işğal edilmiş torpaqlarımızı hər an azad etməyə qadir olan güclü ordumuz var.

Regionların inkişafı Azərbaycan Respublikası Prezidentinin xüsusi əhəmiyyət verdiyi məsələlərdəndir. Bu istiqamətdə həyata keçirilən Dövlət proqramları sayəsində bölgələrdə böyük inkişafa nail olunub. Bu illər ərzində ölkəmizdə 25 elektrik stansiyası tikilib, bölgələrdə qazlaşdırma 80 faiz, şəhərlərdə isə 100 faiz həcmində təmin edilib. Son 12 il ərzində regionlarda on min kilometrdən çox yol çəkilib, 3 minə yaxın məktəb, 600-ə yaxın xəstəxana tikilib və təmir edilib.

Dövlət proqramları çərçivəsində Azərbaycanın gözəl guşələrindən biri olan Masallı rayonunun inkişafı üçün də önəmli işlər görüldüyünü diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi deyib: “Son 12 ildə Masallıda 47 məktəb binası, 3 uşaq bağçası, 22 həkim və tibb məntəqəsi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialı, 2 sahə xəstəxanası, 15 kitabxana, Heydər Əliyev Mərkəzi, Mədəniyyət Evi, Gənclər Mərkəzi və bir sıra idman kompleksləri tikilib və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Tezliklə Tarix Diyarşünaslıq Muzeyi və Uşaq İncəsənət Məktəbinin də inşası başa çatdırılacaq. Rayonda qazlaşma 90 faizə çatdırılıb, 70 kilometr uzunluğunda kəndlərarası yol asfaltlaşdırılıb, 11 hektar istixana təsərrüfatı və 50 hektar çayçılıq plantasiyası salınıb. Hazırda rayonda su-kanalizasiya sisteminin çəkilişi başa çatmaq üzrədir. Masallı rayonunda indiyədək mərkəzləşdirilmiş su-kanalizasiya sisteminin olmadığını nəzərə alsaq, bu, olduqca mühüm hadisədir”.

Bu uğurları əldə etməyin heç də asan olmadığını qeyd edən F.Ələsgərov dünyada gedən siyasi-iqtisadi proseslər barədə də məlumat verib. Qeyd edilib ki, son illər dünyada, o cümlədən bizim regionumuzda yalnız iqtisadi deyil, siyasi sahədə də dərin böhran müşahidə edilir. Yaxın Şərqdə - xüsusilə İraqda və Suriyada qanlı toqquşmalar, terror aktları hələ də davam edir. Bu ölkələrdə illərlə davam edən müharibələr nəticəsində yüz minlərlə insan həlak olub və görünməmiş miqrant axını yaranıb.

Keçən il dünyada, həmçinin iqtisadiyyatın tənəzzül ili kimi yadda qalıb. Neftin qiyməti dünya bazarlarında kəskin şəkildə, 3-4 dəfə aşağı düşüb. Müəyyən dövlətlər öz mübarizələrində neft qiymətlərindən siyasi alət kimi istifadə edirlər. Neft ixrac edən dövlətlər isə belə mübarizələrdən əziyyət çəkir. Digər tərəfdən Azərbaycanla qonşu olan ölkələrdə milli valyutalar 100 faiz, bəzən daha da artıq dərəcədə devalvasiyaya uğrayıb.

Dünyada hökm sürən siyasi böhrana baxmayaraq, Azərbaycanda sabitlik və əmin-amanlıq təmin edilib. Azərbaycan xalqı sülh şəraitində yaşayır. Bu sabitlik heç də asan əldə olunmur. Ölkəmizdəki ictimai-siyasi sabitlik məhz möhtərəm Prezidentimizin gərgin əməyinin və müdrik siyasətinin nəticəsidir.

Təəssüflə qeyd olunmalıdır ki, dünyada baş verən iqtisadi böhran Azərbaycana da təsirsiz ötüşməyib, ölkənin gəlirlərinə mənfi təsir göstərib, manatın dəyərdən düşməsinə səbəb olub. Bu prosesə baxmayaraq, dünyada böhranın başlandığı ilk günlərdən Prezident İlham Əliyev böhranın Azərbaycan vətəndaşlarına təsirinin minimuma endirilməsi üçün bütün zəruri addımları atıb. İlk növbədə, istehlak məhsullarının qiymətlərinə ciddi nəzarət etmək, süni qiymət artımı hallarının qarşısını almaq barədə tapşırıqlar verib.

Ölkəyə gətirilən buğdaya, un və çörək istehsalına görə tətbiq olunan əlavə dəyər vergisi Prezidentin göstərişi ilə ləğv edilib və bunun nəticəsində çörəyin qiymətində artımın qarşısı alınıb. Eyni zamanda, dövlətimizin başçısının imzaladığı sərəncamlarla büdcədən maliyyələşən bir çox qurumların işçilərinin maaşları, pensiyalar, müavinətlər, təqaüdlər artırılıb. 2016-cı ilin yalnız yanvar ayında əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 20-dən çox fərman və sərəncam imzalanıb. Bununla da Prezident İlham Əliyev vətəndaşların sosial rifah halının onun üçün hər şeydən üstün olduğunu əyani şəkildə göstərib.

Dövlətimizin başçısı ölkəmizin gələcəkdə neft qiymətlərindən asılılığının aradan qaldırılması və davamlı inkişafın təmin olunması üçün yerli istehsalın artırılmasını, Azərbaycan istehsalı olan məhsulların ixracatının stimullaşdırılmasını prioritet kimi müəyyən edib. Prezidentin təşəbbüsünə əsasən ölkə iqtisadiyyatına investisiya yatıran sahibkarların 7 il torpaq vergisi ödəməkdən, onların xaricdən gətirdiyi avadanlıqlar və texnikanın həmin müddətə əlavə dəyər vergisindən azad olunması, həmçinin vətəndaşların banklarda olan əmanətlərinin 3 il müddətində tam sığortalanması nəzərdə tutulur.

Prezident İlham Əliyev yerli və mərkəzi icra hakimiyyəti orqanları, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şuralarının yaradılması haqqında fərmanlar imzalayıb. Artıq sahibkarlar fəaliyyətləri ilə bağlı ortaya çıxan şikayətlərini birbaşa Apellyasiya Şuralarına verə biləcəklər ki, bu da həmin şikayətlərə operativ şəkildə baxılmasını təmin edəcək.

Dövlətimizin başçısı 2016-cı ildə regionlarda sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması ilə bağlı yerli icra hakimiyyəti orqanlarına ciddi tapşırıqlar verib. Bu məqsədlə 2016-cı ildə Masallı rayonunda da yerli istehsalın, turizmin inkişafı və yeni iş yerlərinin açılması üçün mühüm işlərin görülməsi nəzərdə tutulub. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən rayonda 10 hektar ərazidə sənaye məhəlləsinin salınması ilə bağlı təkliflər hazırlanır. Müxtəlif çeşiddə məhsulların istehsalı üçün zəruri infrastrukturun inşa ediləcəyi bu məhəllədə 300 nəfərə yaxın sakin işlə təmin ediləcək. Rayonda daha 50 hektar çayçılıq plantasiyasının salınması planlaşdırılır. Beləliklə çayçılıq plantasiyalarında çalışanların sayı 500 nəfərdən çox olacaq. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün “Azərsun” şirkətinə əlavə torpaqların ayrılması nəzərdə tutulub ki, bununla da istehsalın daha da genişləndirilməsi və yeni iş yerlərinin açılması təmin ediləcək. Masallıda “Nur-M” konserv zavodunun fəaliyyətinin bərpası üçün işlər görülür. Zavodun fəaliyyətinin bərpası ilə ilkin mərhələdə 1000 nəfərin işlə təmin edilməsi, sonradan isə bu rəqəmin daha da artırılması mümkün olacaq. Hazırda rayonda turizm sektorunun inkişafı üçün layihələr nəzərdən keçirilir. Vaxtilə Masallıda yerləşən “İstisu” sanatoriyası ümumittifaq əhəmiyyətinə malik idi. Bu sanatoriyanın dirçəldilməsi, ümumiyyətlə, rayonda turizmin inkişafı yerli əhalinin işlə təmin edilməsi, daha çox turistin cəlb edilməsi, beləliklə də insanların gəlirlərinin artması baxımından çox əhəmiyyətlidir. 2016-cı ildə Masallıda Bayraq meydanının, 100 nəfərlik uşaq bağçasının və digər sosial obyektlərin açılması da planlaşdırılıb. Bununla yanaşı, Masallı Olimpiya Kompleksindən başlayaraq eni 14 metr, uzunluğu 3,3 kilometr olan müasir prospekt salınır.

F.Ələsgərov məlumat verib ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı məqsədilə çox ciddi islahatların aparılması nəzərdə tutulur. Bu islahatlara iqtisadi tədbirlərlə yanaşı, inzibati tədbirlər, o cümlədən sahibkarlığın inkişafı qarşısındakı süni maneələrin aradan qaldırılması, korrupsiyaya və rüşvətxorluğa qarsı mübarizə də daxildir. Bu məqsədlə ölkədə sistemli islahatlar həyata keçirilməkdədir. Bu sahədə “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir.

Dövlətimizin başçısının müəllifi olduğu “ASAN xidmət” konsepsiyasının dövlət orqanlarının xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsində mühüm rol oynadığını bildirən F.Ələsgərov deyib ki, bu, korrupsiya hallarının qarşısının alınması, məmur-vətəndaş münasibətlərinin yeni tərzdə qurulmasına yönəlib. Hazırda “ASAN xidmət” mərkəzlərində 253 növ xidmət həyata keçirilir. Üç illik fəaliyyəti dövründə “ASAN xidmət” mərkəzlərində 7,8 milyondan artıq vətəndaş dövlət orqanları üzrə xidmətlərdən istifadə edib.

Ötən dövrdə Prezidentin tapşırığı ilə Bakı, Sumqayıt, Gəncə, Sabirabad və Bərdə şəhərlərində ümumilikdə 9 “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Növbəti yeni mərkəzlər Qəbələ və Masallıda yaradılacaq. Bu il Masallı rayonunda Azərbaycan təcrübəsində ilk dəfə olaraq bütöv “ASAN HƏYAT” kompleksi fəaliyyətə başlayacaq ki, buraya da “ASAN xidmət” mərkəzi ilə yanaşı, könüllülər mərkəzi, ailə biznesi qurmaq istəyənlər üçün layihələrin hazırlanmasına kömək göstərəcək biznes mərkəzi, idman-istirahət zonası, 3D kinoteatr, rəsm emalatxanaları, ictimai iaşə və digər obyektlər də daxil olacaq. Bu, dövlətimizin başçısının Masallı rayonuna, onun zəhmətkeşlərinə xüsusi qayğısının bariz göstəricisidir. Masallı rayonundakı “ASAN xidmət” mərkəzində 200 nəfər çalışacaq ki, onların da əksəriyyətini yerli sakinlər təşkil edəcək. Bununla yanaşı, mərkəzdə 100-ə yaxın gəncin könüllü kimi işə cəlb edilməsi nəzərdə tutulur. Mərkəz Masallı rayonu ilə yanaşı, Biləsuvar, Neftçala, Cəlilabad, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarının, ümumilikdə, 1 milyondan artıq sakininə xidmət göstərəcək.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 2016-cı ildə ölkəmizdə mühüm iqtisadi islahatların həyata keçiriləcəyini bəyan edib. Dövlətimizin başçısının qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə həyata keçiriləcək bu islahatlar nəticəsində 2016-cı il ölkəmizdə xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından çox önəmli il olacaq.

İqtisadi islahatların aparılması ilə yanaşı, dövlət orqanları, xüsusilə hüquq mühafizə orqanları ölkəmizdə ictimai-siyasi sabitliyin təmin edilməsi üçün səylərini daha da artırmalıdırlar. Belə ki, ictimai-siyasi sabitlik iqtisadi islahatların uğurunu təmin edən əsas amillərdəndir. Son zamanlar ölkəmizin bəzi rayonlarında baş vermiş hadisələr bir daha nümayiş etdirdi ki, istər ölkəmizin daxilində, istərsə də xaricində Azərbaycanda yarana biləcək xırda narazılıqdan sabitliyi pozmaq üçün istifadə etməyə çalışan qüvvələr mövcuddur. Xüsusilə, bir sıra müxalifət partiyaları və radikal dini cərəyanların təsiri altına düşən şəxslər manatın devalvasiyasından sonra vəziyyətdən istifadə edərək lokal etirazlar yaratmağa cəhd göstərmişlər. Lakin Azərbaycan xalqı belə qüvvələrin yanında olmadığını bir daha nümayiş etdirdi. Heç kəs bu hadisələrin bir daha təkrarlanmasını istəmir. Buna görə də ölkədə sabitliyi pozmağa yönələn bütün cəhdlərin qarşısı qətiyyətlə alınacaq.

F.Ələsgərov çıxışını bu sözlərlə tamamlayıb: “Hazırkı dövrdə hər bir hakimiyyət nümayəndəsi öz məsuliyyətini dərk etməli, xalqın problemlərinin həll olunması üçün xüsusi həssaslıq nümayiş etdirməlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət məmurları özlərini təvazökar aparmalı, xalqla bir yerdə olmalıdırlar. Bununla biz xalq-iqtidar birliyini daha da gücləndirərək dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan vəzifələrin icrasına nail olacağıq”.

Toplantıda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, yerli sahibkar İlkin Şükürov, Qızılağac bələdiyyəsinin sədri Şamil Məmmədov və “Viləş” otelinin icraçı direktoru Kübra Ələkbərova rayonda aqrar bölmənin, sahibkarlığın və turizmin inkişafı ilə bağlı təkliflərini bildiriblər.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri İnam Kərimov, Milli Məclisin deputatı Nəriman Əliyev iştirak ediblər.

Sonda görüş iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Fuad Ələsgərov: Ölkəmizdəki ictimai-siyasi sabitlik Prezident İlham Əliyevin gərgin əməyinin və müdrik siyasətinin nəticəsidir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub