İDMAN
FUTBOL AZARKEŞLƏRİNƏ HƏDİYYƏ
Kitab “Prezident alqışı” adlı qeydlərlə açılır: “Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən son oyunlarda minlərlə futbol həvəskarı möhtərəm Prezidentimiz İlham Əliyevi alqışlarla qarşıladı. Bu alqışlar İlham Əliyevə olan məhəbbətin, Azərbaycanda idmanın inkişafına göstərdiyi qayğıya görə hədsiz minnətdarlıq hissinin ifadəsi idi.
Futbolçularımız yaxşı oyunları ilə hamımızı sevindirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyunları həyəcanla izlədi, dəfələrlə ayağa qalxaraq futbolçularımızı alqışladı.
Sonuncu dəfə Azərbaycan futbolçuları Prezident alqışına səkkiz il əvvəl – 1996-cı ildə layiq görülmüşlər. O zaman ümummilli liderimiz Heydər Əliyev milli yığma komandamızın üzvlərini İsveçrə futbolçularına qalib gəldiklərinə (1:0) görə alqışlamışdı.
Prezident alqışına layiq görülmək böyük şərəfdir. Bu alqışı qazanmaq üçün daim çalışmaq, ustalığı artırmaq, Vətənin idman şərəfini hər şeydən uca tutmaq lazımdır. Dövlətin göstərdiyi qayğı nəticəsində futbolumuz da inkişaf yoluna qədəm qoymuşdur. Bunu görən tamaşaçılar da tribunalara qayıdır, ölkəmizdə futbol mühiti getdikcə sağlamlaşır. Prezident İlham Əliyevin futbola sərmayə qoyan şirkətlərin, iş adamlarının vergilərdən azad olunmasının, onlar üçün güzəştli fəaliyyət yaradılmasının zəruriliyi barədə söylədiyi fikirlər bu sahəyə marağı daha da artırıb. Futbolumuzun inkişafı üçün geniş üfüqlər açılıb. Deməli, ən böyük qələbələrimiz hələ irəlidədir.”
Kitabda Gənclər, idman və turizm naziri Əbülfəz Qarayevin “AFFA doğru yoldadır”, AFFA-nın prezidenti, UEFA-nın Milli Yığma Komandalar Komitəsinin üzvü Ramiz Mirzəyevin “Azərbaycan futbolu tarixində dirçəliş mərhələsi” yazıları, Azərbaycan futbolunun bir əsrlik tarixindən bəhs edən materiallar öz əksini tapmışdır.
Kitabda indiyədək keçirilən bütün çempionatların statistikası, yekun cədvəlləri, milli yığma komandamızın bütün illər ərzində göstərdikləri nəticələr, futzala, qadın futboluna, futbol veteranlarına aid maraqlı materiallar verilmişdir.
“Səhər” qəzetinin nəşrə hazırladığı kitabın redaktoru Məzahir Süleymanzadə, tərtibçiləri Coşqun Eldaroğlu və Mahir Süleymanovdur.