İDMAN
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Almaniyada keçirilmiş sərgidə olmuşdur
Bakı, 11 mart AZƏRTAC). Almaniyanın paytaxtı Berlində “İTB Berlin 2013” Beynəlxalq turizm sərgisi keçirilmişdir.
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, sərgidə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti geniş tərkibdə iştirak etmişdir.
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 104 kvadratmetr sahədə lövhə quraşdırılmışdır. Bundan əlavə, 30 kvadratmetrlik sahədə “Ekologiya” stendi və 21 kvadratmetrlik sahədə “Mədəniyyət” stendi təşkil olunmuşdur. Sərgiyə gələn ziyarətçilərə əl sənətkarlığı nümunələri, mis qablar, musiqi alətləri, eləcə də ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları təqdim olunmuşdur.
Sərginin ikinci günündə Azərbaycanla bağlı forum keçirilmişdir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və futbol üzrə futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqts Azərbaycan barədə danışıb, forum iştirakçılarının suallarını cavablandırmışlar. Forumda Azərbaycanda çalışan Almaniya vətəndaşları ölkəmiz haqqında məlumat vermişlər.
Tədbirdə Milli Məclisin deputatı, AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və Berlində yaşayan azərbaycanlılardan ibarət “Azəri” U-13 komandasının üzvləri də iştirak etmişlər.