REGİONLAR
Füzuli rayonunda mal-qaranın cins tərkibi yaxşılaşdırılır
Füzuli, 1 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Füzuli rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Füzuli rayon baytarlıq-diaqnostika kabinetinin direktoru Orxan Quliyev AZƏRTAC-a bildirib ki, heyvandarlıq məhsulları istehsalının intensiv artımına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması geniş tətbiq olunur. İlin əvvəlindən bəri süni mayalanma texnikləri tərəfindən 584 baş inək və düyə süni yolla mayalandırılıb, 409 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şves” cinsindən olan buğaların toxumları istifadə edilir. İlin sonunadək min başdan artıq heyvanın süni mayalandırılması nəzərdə tutulur.
Görülən tədbirlər nəticəsində Füzuli rayonunda mal-qaranın cins tərkibi xeyli yaxşılaşıb, ət və süd istehsalı artıb.