CƏMİYYƏT
Füzuli rayonunda partlamamış raket aşkarlanıb
Bakı, 10 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Füzuli rayonunun beşinci Zobcuq qəsəbəsi ərazisindən partlamamış hərbi sursat (PQ-7M raket) aşkar olunub. Həmin hərbi sursat Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməliyyatçılarına təhvil verilib. Sursat agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentlik tərəfindən aprelin 7-dən dekabrın 10-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində ümumilikdə 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilib. Nəticədə 4018 partlamamış hərbi sursat, o cümlədən piyada əleyhinə 15 “PMN”, 3 “POMZ-2”, 2 “OZM-72”, 2 “siqnal” minası və tank əleyhinə 46 mina aşkarlanaraq zərərsizləşdirilib.