İQTİSADİYYAT
Füzuli rayonunda tikinti-quruculuq işləri geniş vüsət almışdır
Füzuli, 3 noyabr (AZƏRTAC). Füzuli rayonunda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 2011-ci ilin ötən dövründə Horadiz şəhərində 2 hektar ərazidə ulu öndərin adını daşıyan park salınmışdır. Parkın ərazisində Heydər Əliyev Mərkəzi tikilmiş, burada ulu öndərin abidəsi, onun yaxınlığında 65 metr hündürlüyündə Azərbaycanın dövlət bayrağı ucaldılmışdır. Horadiz şəhərində mədəniyyət sarayı tikilmiş, Heydər Əliyev prospektində geniş abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Rayonda gənclər evinin tikintisinə başlanmış, 180 yerlik orta məktəb binasının inşası nəzərdə tutulmuşdur.
Səkkiz yaşayış məntəqəsini birləşdirən Əhmədbəyli-Alxanlı-Zobucuq avtomobil yolu, həmçinin Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər yolu Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq yenidən qurulmuşdur.
Rayonun Birinci Mahmudlu kəndi yaxınlığında tutumu 5 min ton olan soyuducu anbarın, Yuxarı Mil kanalının üzərində 25 meqavat gücündə su elektrik stansiyasının tikintisi davam etdirilir. Gecəgözlü yatağında 80 yerlik orta məktəbin, Kərimbəyli kəndində 45 yerlik uşaq bağçasının, üç hektardan artıq ərazini əhatə edən “Qarabağ” ailəvi istirahət mərkəzin tikintisi isə başa çatmaq üzrədir.