İQTİSADİYYAT
Füzuli rayonunun İkinci Zobucuq qəsəbəsinə təbii qaz verilmişdir
Füzuli, 27 sentyabr (AZƏRTAC). “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Füzuli rayonunun İkinci Zobucuq qəsəbəsinə təbii qaz verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayonun rəhbər işçiləri, ictimaiyyətin nümayəndələri və qəsəbə sakinləri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər sakinləri qaz çəkilişi münasibətilə təbrik etmiş, əhalinin “mavi yanacaq”la təmin olunması istiqamətində görülən işlərdən danışmışlar. Bildirilmişdir ki, indiyədək Horadiz şəhəri və rayonun 20 yaşayış məntəqəsi təbii qazla təmin olunmuşdur. Hazırda rayonun digər kənd və qəsəbələrində qaz çəkilişi davam etdirilir.
Məlumat verilmişdir ki, İkinci Zobucuq qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 20 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilmiş, 504 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Qəsəbəyə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılmışdır.